İSLAM DÜNYASINDA ELMİN DÜNƏNİ VƏ BU GÜNÜ Prof.Ş.Q.Əsgərov ORTA ƏSRLƏRDƏ ELM Açar sözlər: Elm, texnologiya, təhsil sistemi, qiymətləndirmə şkalası, mürşüd, mürid, müxtəliflik prinsipi, keçid dövrü və s. VIII əsrdən başlayaraq müsəlman dünyasında elmi ənənənin yaranması prosesi başlayıb. Müsəlman aləmi özgürlüyünü saxlamaqla tədricən dünya elm və mədəniyyət mərkəzinə çevrilibdir. Təsadüfi deyildir ki, artıq ilk xəlifələr «müdriklik evləri», şəxsi kitabxanalar yaradıb və alimləri öz ətrafına cəlb edibdirlər. Şəxsin ictimai nüfuzu onun bilik fondunun zənginliyi ilə müəyyənləşirdi. Bilikli insanlar bir növ mədəni örnəyə çevrilirdi. İslam mədəni mühitində elm tərəqqi edirdi. Sevimli peyğəmbərimizin: “Alimləri eşidin, onlar bu dünyanın işığı, axirətin nurudur” kəlamı elmi fəaliyyəti stimullaşdırırdı. Nobel mükafatçısı, pakistanlı fizik Əbdüs Səlam “İdeallar və gerçəkliklər” kitabında yazır [1]: “Orta əsrlərdə elmin ağırlıq mərkəzi İslam dünyasında idi…Quranın yeddi yüz əlli ayəsi –təxminən səkkizdə biri inananları təbiəti araşdırmağa, həqiqət axtarışında ağıllarından istifadə etməyə, bilik əldə etməyi və elmi düşüncəni ictimai həyatın bir parçası halına gətirməyə sövq edir”. Müsəlman elmi ənənəsində həmişə humanitar və məntiqi (rasional) idrak formaları arasında dinamik tarazlıq mövcud idi. İslam modelinə görə alim həm də şair idi və tərsi də doğru idi. Alimliyin və ya elmiliyin Qərb modelində adətən poetiklik ilə məntiqliliyin eyni zamanda bir adama xas olması istisna edilir. Bu səbəbdən də “fiziklər və liriklər" bölgüsü mövcuddur. Struktur ierarxiyaya malik qərb universitetlərində tələbənin hazırlığı üçün kollektiv məsuliyyət daşıyan alimlər qrupu mövcud olduğu halda, müsəlman universitetlərində fərdi nüfuz aparıcı idi. Müsəlman dünyasında müəllim –şagird (mürşüd –mürid) münasibətləri şəxsi nüfuz, təqlid, isnad və digər prinsiplər əsasında formalaşmışdır. Müsəlman alimi kitab mədəniyyəti və islam mənəvi mühitində formalaşırdı. Bir çox xəlifələr hədiyyə olaraq ləl-cəvahirat deyil, məhz kitab hədiyyələrinə üstünlük verirdilər. Kitaba hörmət cəmiyyətin yeni and yerinə çevrilirdi. Dərin savad və ensiklopedik biliyə malik olmaq müsəlman elmi ənənəsinin bünövrəsində dururdu. Alimin elmi maraq dairəsi bəzən onlarla elmi istiqaməti: riyaziyyat, fizika, astronomiya, əlkimya, məntiq, fəlsəfə, təbabət, musiqi və şeir yazmaq nəzəriyyəsi, qrammatika, teologiya və s. əhatə edirdi. İslam dünyasında alim özgürlük prinsipi əsasında fəaliyyət gösrərirdi. Alimdən, hər şey- dən əvvəl, qədimdən qalan mənəvi sərvətlərə və dinin normalarına bələd olmaq, müstəsna təxəyyül və hafizəyə malik olmaq, obrazlı və assosiativ təfəkkür sahibi olmaq tələb olunurdu. İslam dünyasında dahi alimlər canlı (yeriyən) kitabxana idi. Belə alimlərin ölümü bir kitabxanın yanmasına bərabər idi. Hər sahədə öz müəllimini yaradıcı surətdə izləyən tələbə onun həyatını təqlid edir, gələcək alim kimi tədricən müəllim «örnəyini» həm formaca, həm də məzmunca mənimsəyirdi. Şagird müəllimilə birlikdə yaradıcılığın sirlərinə yiyələnir, lakin bu zaman o, yaradıcılığın universal və obyektiv bir model əsasında yox, öz müəlliminin özgün, orijinal, subyektiv yaradıcılıq mühitində kamilləşirdi. Bəhmənyar bu fakta diqqət çəkərək yazır: «əqli elmləri dərk edərək onların daşıyıcılarının keyfiyyətlərini mənimsəməyənlər elmlərin mahiyyətindən məlumatsız qalırlar, alimin hərəkətlərində onun müəlliminin müdrikliyi özünü göstərir». Şəxsi nüfuz. İslam dünyasında alimlərin hörməti böyük idi və alimlər öz nüfuzlarını qoruya bilirdi. Padşahlar, şahlar, sərkərdələr zaman- zaman alimləri ziyarət edir və bu hadisələr cəmiyyətdə geniş əks-səda doğurur, nəticədə gənclərin alim olmaq, elm dalınca getmək arzularını stimullaşdırırdı. Alim olmaq Allahın lütfü sayılırdı. Alimlər cəmiyyətin təminatlı üzvləri idilər. Orta əsrlərdən başlayaraq həmişə hər yerdə alimin nüfuzu yüksək olmuşdur. Bir çox padşahlar, şahlar, sultanlar həyatlarının son anlarında alimi yada salıblar. Əmir Teymur dünyasını dəyişəndə vəsiyyət edir ki, məni böyük alim Seyid Bərkənin ayağı altında basdırın. İslam elminin (təhsilinin) əsaslandığı prinsiplərə - mükalimə (seminar), canlı ünsiyyət və müxtəlifliyi aid etmək olar. Mükalimə prinsipi. Məhsuldar mükalimə prinsipi müsəlman təlim və tərbiyə sistemində dəyərli yer tutur. Bu alimlərin öz üzərində daim çalışmalarına təsir edən ən güclü faktordur. Elmi müzakirələrin birində İbn Sinanı ərəb leksikasını bilməməkdə günahlandırırlar. Şəxsi nüfuzunu qorumaq və rəqibinə tutarlı cavab vermək üçün o, bir neçə ay vaxtını nadir ərəb sözlərinin öyrənilməsinə sərf edir. Elmi mükalimə prinsipi bu gün də bəşər elminin inkişafında vacib rol oynayır. Canlı ünsiyyət. Müsəlman təlim və tərbiyə sisteminin əsasını mürşüd (müəllim) şəxsiyyəti ilə müridin (şagird) canlı ünsiyyəti təşkil edirdi. Bir çox şərqşünas alimlər hesab edirlər ki, ənənəvi Şərq tərbiyə sistemində mürşüdlə mürid arasındakı canlı ünsiyyət fundamental əhəmiyyət kəsb edirdi. Bu prinsip bu gün də işləkdir. Müxtəliflik prinsipi. Müsəlman alimin hazırlama sistemində şəxsi amil aparıcı yer tutur. Alimi obyektivləşdirilmiş intellektual mühit (depersonlaşdırılmış mətnlər və ya alimlərin korporasiyaları) deyil, yuxarıda qeyd edildiyi kimi, bilavasitə müəllimlə canlı ünsiyyət formalaşdırır. Tələbəyə təkcə müəllimin ona verdiyi obyektivləşdirilmiş bilik fondu deyil, həm də müəllimin subyektiv həyatı, düşüncə tərzi və xüsusilə onun şəxsi keyfiyyətləri təsir göstərir. Müsəlman təhsil sistemində təlim metodunun xüsusi bir növü - müxtəliflik prinsipi işləyirdi. Hər bir müəllimin təlim və tərbiyə metodu digərindən fərqli idi. Hər bir məşhur müəllimin özünün tədris üsulu, tədris planı var idi. Güman etmək olar ki, bu prinsip orta əsr İslam elminin inkişafına mənfi təsir göstərmiş, elmi ənənənin yaranmasına, obyektiv biliklərin toplanmasına zərərli təsir etmişdir. Çünki alim doğulandır, öləndir. Alim dünyasını dəyişəndə onun təhsil sistemi, obyektivləşmiş bilik fondu əvvəlcə sahibsiz qalır, bir müdətdən sonra unudulurdu. Kollektiv fəaliyyət əsasında fəaliyyət göstərən qərb universitetlərdə biliyin unudulması qorxusu yoxdur. Çünki universitetər ölən deyil. Başqa sözlə desək, Şərqdə gəncin təhsili ilə fərd (alim), Qərbdə isə alimlər kollektivi məşğul olublar. Bu keyfiyyətinə görə Qərb zaman keçdiycə qüdrətli universitetlər yardıbdı. Bəzi şərqşünaslar belə hesab edirlər ki, tələbənin hazırlığı üçün kollektiv məsuliyyət daşıyan alimlər korporasiyasına malik orta əsr Avropa universitetlərindən fərqli olaraq, müsəlman universitetlərində ümumkorporativ cavabdehlik yox idi. Müsəlman tədris üsulunda olan qüsurları İslam alimləri zamanında görmüş və tənqid etmişlər. Misal üçün, Əl-Məarri kor-koranə nüfuz sahibinə inanan tədris metodunu, qədim örnəkləri qeyri-yaradıcı tərzdə təqlid edən ənənəvi alimliyi kəskin tənqid etmişdi. İbn Xəldun hesab edirdi ki, ənənəvi müsəlman tərbiyəsi vahid şəklə salınmadığından o elmilik keyfiyyətlərindən məhrumdur. Əl-Qəzaliyə görə, həqiqət meyarı haqda məsələdə «ürəkdə inam» kimi başa düşülən din mövqeyində durmaq lazımdır. O, hesab edirdi ki, din əsl bilik, hər bir əsl bilik isə dindir. Dəqiq elmlər sahəsində İbn əl- Haysamın (965-1039) (Avropada Алгазен adı ilə tanınır) optika sahəsində 7 cildlik monoqrafiyası Avropa elminə, xüsusi ilə R.Bekonun, da Vinçinin, İ. Keplerin və İ.Nyutonun inkişafına təsiri böyük olmuşdur. Havanın təzyiqinin olmasını da ilk dəfə söyləmişdir. Onun “Optika kitabı” uzun müddət Avropanın elmi mərkəzlərində öyrənilmişdir. Belçikalı elm tarixçisi George Sartona (1884–1956) onu ”dahi müsəlman fiziki və optika sahəsində bütün zamanların ən böyük tədqiqatçısı” adlandırmışdı. İbn al – Haysamın “Optika kitabı” 1572 - ci ildə latın dilində Bazel sərgisində təqdim edilmişdir. Qərb alimləri etiraf edirlər ki, Kopernikin göy cisimlərinin hərəkəti ilə bağlı elmi nəticələri ondan əvvəl N.Tusi tərəfndən alınmışdı. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, orta əsirlərdə İslam dünyası dünyada cərəyan edən hadisələrdə subyekt kimi çıxış edirdi. Ancaq son bir neçə əsrdə İslam dünyası geriləyərək, dünyəvi proseslərin obyekinə çevrilib. Bu cür bünövrəyə malik mədəniyyət və elm ocaqlarının bu gün miskin görünməsinin səbəbi nədir? Səbəb nədir ki, İslam dünyası bu gün elm və tərəqqidə geri qaır? Müsəlman dünyasının yetişdirdiyi Nobel mükafatı laureatı Abdüs Səlam da bu sualları yaşayıb və bütün müsəlman dövlətlərinin başçılarına, din xadimlərinə, zəngin insanlara müraciət edərək, İslam dünyasını bəşəriyyətin inkişaflna, xüsusilə elmə töhfə verməyə çağırıb: “ona görə yox ki, bu, bizim müqəddəs kitabımızda Allah tərəfindən buyrulub, ona görə yox ki, bunu Həzrəti Peyğəmbərimiz bizə məsləhət görür, ona görə yox ki, elm iqtisadiyyatdır,elm gücdür, elm silahdır. Ona görə ki, Qərb alimləri qarşısında xəcalət tərimizi silək. Biz hətta xəstələnəndə onların "aspirin"-indən, "pensilin"-indən istifadə edirik”. İslam dünyasında elmin vəziyyəti ürək ağrısı ilə dilə gətrilmişdi. MÜASIR İSLAM DÜNYASINDA ELM Məlumdur ki, XXI əsr elmə, texnologiyaya söykənən əsrdir. Bu o deməkdir ki, həm birbaşa, həm də dolayısı ilə elm inkişafa (iqtisadiyyata) xidmət etməlidir. Sənayedə maddi məhsulla bərabər, elmi tutumlu məhsul da istehsal olunmalıdır. Ümumdaxili məhsulda intellektual məhsulun payı olmalıdır. İslam dünyasının ən qabaqcıl ölkəsi Türkiyədir. Çox təəssüflə qeyd edirəm ki, bu qardaş ölkədə yüksək texnoloji məhsul ixracatı 1, 9 milyard, Cənubi Koreyada isə 122 milyard səviyyəsindədir [2]. Bizim qiymətli alimlərimiz həmişə olub. Bu alimlərin malik olduqları elmi, biliyi intellektual məhsula çevirən quruma da ehtiyac olub. 1945-ci ilda belə bir çevirici qurum olaraq Azərbaycan Elmlər Akademiyası (AEA) yaradıldı. Sadə dillə desək, Akademiya alimlərin intellektual potensialını xalqın xoş güzəranına çevirmək niyyəti ilə yaradılmış bir qurumdur, “maşındır”. Müasir dövrdə Akademiyanın faydalı iş əmsalı çox aşağıdır və özünü təkmilləşdirə bilmir. On illərlə dövlətin elmə xərclədiyi pulu sonralar cəmiyyətə qaytara bilmır. İndi bu qurum Azərbaycan Milli Elmlər Akademiyası adlanır. Hesab edirəm ki, bu ad da qüsurludur. Hələ 150 il öncə A. Çexov demişdi: “Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o artıq elm deyil”. Bu qurumun yenidən təşkil olunması, rekonstruksiyasına ehtiyac var. Bu səbəbdən də postsovet məkanında yaranan dövlətlərin çoxunda Təhsil Nazirliyi ilə Akademiyanın əsasında “Elm və Təhsil Nazirliyi” yaradılıb. Qərbdə elm iqtisadiyyata güclü təkan verir. Alimlər elmi, elm texnologiyanı, texnologiya texnikanı, texnika istehsalı, istehsal iqtisadiyyatı inkişaf etdirir[3]. Alimləri isə universitetlərdə yetişirlər. Bu zəkalı insanlar yeni ideyalar söyləyir, elmi nəticələr alır və elmi inkişaf etdirirlər. Qərbdə elm gücdür və texnologiyanın yaradıcısıdır. Bu həyat zəncirni qura bilən dövlətlərdə insanlar keyfiyyətlə yaşayırlar. Bu keyfiyyətli həyat xətrinə Qərbdə alim hazırlığına haram qatılmır. Nadanın alim olma şansı yoxdur. İslam dünyasında bu üzvi əlaqə çox zəifdir, elm sənaye üçün texnologiya yarada bilmir. Çünki iqtisadiyyatda texnologiyanın yeri sona qədər dərk edilməyibdir. Elmi müdafiələrdə, müzakirələrdə, konfranslarda bu anlayışın tərifini bu sahələrə rəhbərlik edənlər tərəfindən dərk edilmədiyi görünür. Elm, texnologiya və tərəqqinin vəhdəti araşdırılmış və texnologiyaya belə bir tərif verilmişdir [3]: texnologiya- təbiət qanunlarının süni obyektlərin hazırlanmasına yönəldilməsidir. Elm-haqqın, gerçəkliyin, həqiqətin axtarılması istiqamətində alimin gələcəyə işıq salan məqsədyönlü fəaliyyətidir. Elm texnologiya yarada bilmədiyindən məqsədsiz fəaliyyət göstərir. Bu səbəbdən də hökümət texnologiyanı məcburən Qərbdən satın alır. Qərb isə bazara son yox, vaxtı ötmüş, köhnəlmiş texnologiyanı çıxarır. ( Deyək ki, 6-cı nəsl məhsulu yox, 4-cü, 5-ci nəsl məhsulu çıxarır.) Nəticədə Şərq Qərbdən asılı vəziyyətə düşür. Elmin idarəedilməsində də qüsur böyükdür. İslam dünyasında və Qərbdə elmi müəssisələrin rəhbərləri müxtəlif qaydalarla təyin olunurlar. İslam dünyası bu sahədə mövcud olan mütərəqqi qaydaları qəbul etmək istəmir. Bu fərqlər, qusurlar Şərqin geri qalmasın şərtləndirən əsas səbəblərindəndir. Heç kəs “nə etməli?” sualını, talantlı gəncliyin elmə niyə gəlməməsinin səbəbini araşdırmaq istəmir. Heç kəs “Qərbşünaslıq” inistitutu aşıb inkişaf etmiş ölkələrin uğurlarının səbəblərini öyrənməyə maraq göstərmir. Sanki inkişafın quyruğunda getmək və ya yaltaqlıq, riyakarlıq mühitində yaşamaq, təmiz mühitdə yaşamaqdan yaxşıdır. Elm təhsilin içərisindən göyərir. Təhsil zəifdirsə elm güclü ola bilməz. İslam dünyasında təqribən 600 universitet var. Bu Universitetlərin heç biri dünyanın birinci 100 universiteti sırasında yoxdur. Yəni İslam dünyasının keyfiyyətli təhsil verən universiteti yoxdur. Bu isə 57 İslam dövlətində heç kəsi narahat etmir. əks halda, yığışıb bir dəyərli universitet yaradardılar. Bu coğrafiyada gənclərin təqribən 20% -i ali təhsillə əhatə olunubdur. (Müqayisə üçün qeyd edək ki, bu göstərici Cənubi Koreyada 95% -dir). Təhsil alanların çoxu humanitar fakültələrdə təhsil alır. Laboratoriya dərslərinin səviyyəsi tələbata cavab vermir. Bu səbəblərdən də müsəlman əhli, xüsusilə talantlı gənclik əsasən istehsalla yox, ticarətlə məşğuldur. Elmi nəticələrin alıcısı ticarət deyil, sənayedir. Elmi stimullaşdıran da sənayedir. Sənaye nəhəngləri (İBM, Soni, Fillipis və s.) elmə böyük sərmayələr qoyurlar. Azərbaycanda 2009-cu ildə Prezident fərmanı ilə Elmin İnkişafı Fondu yaradıldı. Xoş niyyətlə qurulmuş Fond birbaşa öz məqsədinə qulluq etməlidir. Fondun fəlsəfəsi düz istiqamətdə yönəldilməlidir. Pul ideyaya yox, nəticəyə verilməlidir. Məntiqə görə, alimin bazara çıxardığı elmi məhsul mükafatlandırılmalıdır, təcrübədən keçməmiş ideya yox. Elmi ad və dərəcələrin verilməsində də islahata ehtiyac var. Bu prosesdəki qüsura məsuliyyət daşıyan yoxdur. Mövcud kollektiv (elmi şura üzvlərinin) məsuliyyətdən fərdi məsuliyyətə keçmək lazımdır. Bu gün bir nəfərin alim adı alması üçün təqribən 25-30 alimin “hərisini” almaq lazımdır. Bu yoldan imtina edib, üç-dörd nəfər nüfuzlu alimin şəxsi məsuliyyəti altında müdafiələr təşkil edilsə, obyektivliyi təmin etmək mümkündür. Elmdə prioritetlərin yenidən müəyyən edilməsinə də ehtiyac var. Misal üçün bizim üçün çox əhəmiyyətli olan “təbiət elmlərinin tədrisinin metodikası” elmi istiqamət kimi AMEA –da təmsil olunmur. Elmi fənlərin tədrisi metodikası ilə bağlı elmi işlərin aparılması ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki söhbət tədrisin keyfiyyətinin yüksəldilməsindən gedir. Təhsil isə əhalimizin az qala yarısını əhatə edir. Demək, pedaqogika elmi ilə bağlı müzakirələr əhalinin təhsil səviyyəsinə təsir edə bilər. Belə mövzular birbaşa milli marağa qulluq etdiyindən diqqət mərkəzinə çəkilməlidir. Bizim elm və təhsil sistemimiz əslində ikiqat keçid dövrünü yaşayır. Bir tərəfdən Şərq təhsil sistemindən Qərb təhsil sisteminə, digər tərəfdən Sovet təhsil sistemindən liberal-demokratik təhsil sisteminə keçirik. Birinci kecid demək olar ki, başa çatsa da hələ düşüncələrdə qalıb. İkinci keçid isə hələ də davam edir. Elmdə də təqribən vəziyyət belədir. Bu səbəbdən elmimizin və təhsilimizin problemləri çoxdur. Bir müdrik kəlamda deyilir ki, problemlərin həllinin yarısı onun qəbul edilməsindədir. İndi ölkəmizin qarşısında duran problemlərdən açıq danışmaq mümkün olduğundan inanıram ki, problemlər də öz həllini tezliklə tapacaqdır. Uğurlarımız çoxdur, amma qüsurlarımız da az deyidir. ƏDƏBİYYAT 1. H.Quliyev, Müsəlman elm ənənəsində alim və müəllim şəxsiyyəti, Yeni təhsil, tərbiyə və elm antologiyası. səh.252, Bakı, 2015 2. Emil Çapra, https://www.youtube.com/watch?v=DHPw6lMecU8 3. Əsgərov Ş.Q.. “ Kamilləşən Düşüncə”, Bakı, 2013 İSLAM DÜNYASINDA ELMIN DÜNƏNI VƏ BU GÜNÜ, Konfras “ŞƏRQIN BÖYÜK DAHISI NƏSRƏDDIN TUSI”, səh 6-12. Naxçıvan- 2015